MİRAS ictimai birliyi mədəni irs sahəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin təcrübəsini öyrənir

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində təcrübəsini öyrənir. Bu məqsədlə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 1-11 iyul tarixlərində 10 gün müddətinə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə ezam olunub. Fariz Xəlilli İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəni Sərvətlər Dairəsi İdarəsində görüşlərinə başlayıb. O, əvvəlcə idarə rəisinin müavini İrəm Nardərəli Bülbül ilə görüşüb. İrəm Nardərəli İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irs sahəsində gördüyü işlərdən danışıb, bu sahədə İBB MİRAS adını brendləşdirdiklərini, bütün araşdırma, qoruma və təbliğat işlərini bu brend ilə həyata keçirdiklərini bildirib. İstanbul Böyükşəhər Bələdiyyəsinin 63 tarixi abidə, 7 sənaye irsi, 19 tarixi türbə, 6 su anbarı və buzxana, 197 tarixi bulaq, 588 tarixi məzarlıq və qəbirlər, 35 muzey və sərgi məkanı, 4 arxeopark, 34 ictimai incəsənət əsərini qoruduğunu və işlətdiyini qeyd edib. Mədəni Sərvətlər Dairəsi İdarəsi dörd şöbədən - Mühafizə, tətbiqetmə və nəzarət şöbəsi, Mədəni sərvətlər layihələri şöbəsi, Mədəni irsin qorunması şöbəsi, Kitabxana və muzeylər şöbəsindən ibarətdir. İrəm Nardərəli qanun, qərar, təlimatlarla yanaşı, indiyə qədər görülmüş inventar və sənədləşdirmə işləri ilə layihə rəhbərini tanış edib. Daha sonra Fariz Xəlilli arxeoloq Əskər Ülkərin təqdimatı ilə Müqəddəs Polyeukt Kilsəsində aparılan arxeoloji qazıntılarla tanış olub. Əskər Ülkər arxeoloji qazıntıların İstanbul Böyükşəhər Bələdiyyəsinin büdcəsi hesabına maliyyələşdirildiyini, qazıntılarda bələdiyyədə işləyən arxeoloq və memarların da yaxından iştirak etdiyini bildirib. Bələdiyyə "açıq qazıntı sahəsi" proqramı tərtib edərək İstanbul sakinlərini aparılan qazıntılarla tanış edir və məktəblilərə imitasiya olunmuş qazıntı sahələrində açıq dərslər keçirir. Qazıntılar başa çatdıqdan sonra Müqəddəs Polyeukt Kilsəsi arxeopark kimi turistlərə açılacaq. Fariz Xəlillinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində İstanbul Böyükşəhər Bələdiyyəsində görüşləri davam edir.

 

#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Culture #CulturalHeritage #Mədəniİrs #Bələdiyyə #Municipality #İstanbul #İBB  #İBBMiras  #Kültürelmiras

 

 

share.in.social