Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti müzakirə olunub

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyətini dəyərləndirib. 07 oktyabr 2024-cü il tarixdə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və layihənin eksperti professor, tarix elmləri doktoru Qafar Cəbiyev bu məqsədlə Ağsu rayonu Gəgəli kəndində görüş keçiriblər. Görüşdə Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Əvvəlcə Fariz Xəlilli layihə haqqında geniş məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihədə məqsəd Şamaxı, İsmayıllı və Ağsu rayonlarında üzərində müasir yaşayış massivlərinin olduğu tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə vəziyyəti araşdırılmaqla aidiyyəti qurumlara, o cümlədən bələdiyyələrə müvafiq tövsiyələr vermək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. Araşdırmalara görə Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsinin üzərində yerləşən həyətyanı sahələrdə 340-dan çox ailə yaşayır. Layihə araşdırma nəticəsində həmin ailələrlə işləməyin effektiv üsullarını da təqdim edəcək. Pilot layihə olaraq bu təcrübənin respublika miqyasında yayılması əsas hədəflərdəndir.

Layihənin eksperti Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsində aparılmış tədqiqatlar və Azərbaycan tarixinin öyrənilməsində bu abidənin əhəmiyyəti haqqında məlumat verib. Azərbaycanın antik və erkən orta əsrlər şəhər mədəniyyətinin öyrənilməsi baxımından yeni mədəniyyət olduğunu qeyd edib.

İtaliyalı mədəni irs eksperti professor Luici Skrinzi bu sahədə beynəlxalq təcrübədən danışıb. Mühitin və identikliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Yerli sakinlərlə işləməyin effektiv üsullarını qeyd edib.

Müzakirələrdə Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, Ağsu rayon İcra Hakimiyyəti başçısının Gəgəli kənd İƏD üzrə icra nümayəndəsi Hamlet İsayev, Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Padar bələdiyyəsinin sədri Balaisa Hacıyev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin əməkdaşı Vüsal Zeynalov, Ağsu rayon Polis şöbəsinin Gəgəli kəndi üzrə sahə müvəkkili polis serjantı Mahmud Səmədli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin Ağsu rayonu üzrə abidə mühafizəçiləri Allahverdi Qənbərov, Pərviz Osmanov və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Müzakirələrin nəticələrinə əsasən Nərgizava yaşayış yeri və nekropolu yerli əhəmiyyətli arxeoloji abidəsi ərazisində mövcud olan idarə, təşkilat və qurumlara, bələdiyyəyə, torpaq, mənzil və mülk sahiblərinə abidənin mühafizəsi ilə bağlı ilkin olaraq məlumat xarakterli bildirişlər və məktubların göndərilməsi məqsədəuyğun hesab edilib.

 

#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Nərgizava #Culture #CulturalHeritage #Mədəniİrs #Bələdiyyə #Municipality

 

share.in.social