Azərbaycanda tarix və mədəniyyət abidələrinin qorunması

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu 10 aprel 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Qanun Azərbaycan Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyən əsas sənəddir.
Qanunda da göstərildiyi kimi, tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. 
Qanun tələb edir ki, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Digər qurumlar kimi araşdırma predmetimiz olan bələdiyyələr də bu prosesdən kənarda qalmamalı öz töhfələrini verməlidir. Təəssüf ki, tədqiqata cəlb etdiyimiz Şamaxı şəhər bələdiyyəsi ərazisindəki abidələr üçün məsuliyyəti öz üzərinə götürmür. Basqal qəsəbə bələdiyyəsinin vəzifələri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə paylaşdırılsa da hər hansı əməkdaşlıq hiss olunmur. Gəgəli kənd bələdiyyəsi ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı mühafizə müqaviləsi bağlasa da, tanıtım fəaliyyətlərini nəzərə almasaq hər hansı layihələr həyata keçirməmişdir.   
Yuxarıda adları çəkilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. Bizim tədqiqatın nəticəsinə görə cəmi üç abidədə yüzlərlə sakinin evi və torpağı (qanuni və qanunsuz) yerləşir. Ona görə də dövlət qurumları, bələdiyyələr və hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər də öz istifadələrində olan torpaq sahələrində qazıntı işi görmədən əvvəl Mədəniyyət Nazirliyini məlumatlandırmalıdırlar. Bələdiyyələr bu nəzarət prosesində fəal iştirak edə bilərlər. 
Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Məlum olduğu kimi, abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə olur. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irsi siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir.
Mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər. Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. Dövlət qeydiyyatından keçmiş və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir. Hər hansı bir ərazidə yeni abidə aşkar olunarsa, həmin ərazi tarixi-mədəni əhəmiyyətli zona elan olunur və onun yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət tərəfindən satın alına bilər. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu haqda məlumat verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Abidələr əhəmiyyət dərəcələrinə görə dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir. Təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir. Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələrin müvafiq icra hakimiyyəti orqanı xüsusi siyahı tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir.
Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.
İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə bilər. İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir. Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işlərinin aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır. Həmin zonada arxeoloji abidə aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.
Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.
Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.
Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınır. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Arxeoloji qazıntı işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılır.
Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat və aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata təqdim edilir.
Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə və alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi üçün vəsait ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat təyin edir.
Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır.
Memarlıq abidələri və digər abidələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat, elmi-tədqiqat və lahiyə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur. Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.
Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.
Abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin (müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti altında aparılır. Görülən işlərin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır.

Qoruq zonalarının yalnız boş yerlərində küçə şəbəkələrini və abidələrini plan konfiqurasiyasını, həcm-məkan kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və üslubuna xələl gətirmədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında abadlıq və yenidənqurma işləri aparıla bilər. Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir. Bu sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

share.in.social