Venesiya xartiyası

Giriş üçün bildirmək lazımdır ki, Abidələr və tarixi yerlərin konservasiyası və bərpası üzrə beynəlxalq xartiya (Venesiya Xartiyası) əvvəlcə 1964-cü ildə İtaliya Respublikasının Venesiya şəhərində Tarixi irs mütəxəssisləri və memarların 2-ci beynəlxalq konqresində, sonra 1965-ci ildə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura - İKOMOS tərəfindən qəbul edilmişdir. Xartiyada beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılır ki, keçmiş dəyərləri günümüzə daşıyan tarixi abidələr insanların çoxəsrlik ənənələrinin canlı şahidi kimi çıxış edirlər. İnsanlar getdikcə bəşəri dəyərlərin vəhdətini daha çox dərk etməyə, qədim abidələri ortaq irs nümunələri kimi görməyə başlayır. Abidələrin gələcək nəsillər üçün mühafizəsinin ümumi bir öhdəlik olması fikri qəbul olunur. Abidələrin autentikliyinin tam qorunması şərti ilə gələcək nəsillərə ötürülməsi isə bizim borcumuzdur.
Venesiya xartiyasının birinci maddəsinə görə, tarixi abidə anlayışı sadəcə bir memarlıq abidəsini deyil, həmçinin tərkib hissəsi olduğu müəyyən bir mədəniyyətin, mühüm inkişafın və ya tarixi hadisənin sübutu olan şəhər və ya kənd mühitini də ehtiva edir. Bu fikir yalnız görkəmli sənət əsərlərinə deyil, həmçinin müəyyən zaman kəsiyində mədəni əhəmiyyət qazanmış daha sadə əsərlərə də şamil edilir. Təəssüf ki, Azərbaycan Respublikasında bəzi qoruq abidələr istisna olmaqla tarixi abidələrin əksəriyyəti yalnız olduğu yer kimi qalmış, mühafizə zonası kiçik götürülmüş və mühit itirilmişdir. Lakin gec deyil, bundan sonra daha sərt davranmalı, nəinki görkəmli əsərlərin mühitini, eləcə də sadə əsərlərin mühitini, xüsusilə kənd mühitini qoruyub saxlamalıyıq. Bu dəyərlərə təkcə xalqımızın milli-mənəvi dəyəri, maddi mədəni irsi kimi deyil, universal dəyər kimi yanaşmaq, ümumbəşəri dəyərlər sistemində öz yerini qorumaq lazımdır.
Xartiyanın üçüncü maddəsində abidələrin konservasiya və bərpasının yalnız onların sənət əsəri olduğu üçün deyil, həmçinin tarixi sübut anlayışını əhatə etdiyi üçün zəruri olduğu qeyd edilmişdir. Konservasiya və bərpa məsələsində tarixi abidələrimizə münasibətdə İtaliya təcrübəsini öyrənmək və tətbiq etmək düzgün olacaqdır. Bu gün biz İtaliyanın çoxəsrlik tarixi abidələrinə heyranlıqla tamaşa edirik. Bu heyranlıq təkcə tarixi abidələrin varlığı ilə bağlı deyil, həm də həmin əsərlərin qorunub saxlanılmasında və təqdimatında düzgün elmə əsaslanan konservasiya və bərpa işlərinin aparılması ilə əlaqədardır. Azərbaycanda bərpa olunan tarixi abidələr sanki yeni tikilmiş kimi təəssürat yaradır. Təəssüf ki, konservasiya və bərpa işlərində sənədləşdirmə, istifadə edilən material və təqdimat formaları bilinməsinə rəğmən, ölkəmizdə tətbiq edilmir. Əksər memarlıq abidələrində ya arxeoloji tədqiqatlar aparılmır, ya onların nəticələri sənədləşdirilmir, ya da alınan nəticələr görülən işə tətbiq edilmir. 
Xartiyanın konservasiyadan bəhs edən dördüncü maddəsində abidələrin davamlı şəkildə qorunub saxlanılmasının konservasiya işinin vacib hissəsi olduğu bildirilmişdir. Beşinci maddədə isə abidənin hər hansı sosial fayda verən məqsədlər üçün istifadə olunmasının onun konservasiya işini asanlaşdıra biləcəyi qeyd edilmişdir. Bu səbəbdən, abidənin buna bənzər məqsədlər üçün istifadəsi arzu olunur, lakin bu istifadə, tikilinin tərtibatı və ya zahiri formasının dəyişməsinə səbəb olmamalıdır. Ancaq məhdudiyyətlər çərçivəsində abidənin yeni funksiyasının tələbinə uyğun dəyişikliklərin planlanması və həyata keçirilməsinə icazə verilə bilər. Əslində burada bələdiyyələrin üzərinə böyük iş düşür. Bələdiyyələr icmanın tələblərini yerinə yetirdiyi və mühitin bir parçası olduğu üçün tarixi abidələrin konservasiyasında yer almaqla onların istifadəsini də asanlaşdıra və öz büdcə fonduna gəlir gətirə bilər. Araşdırma səfərlərimizdə gördük ki, İstanbul Böyükşəhər Bələdiyyəsi bu mənada sosial fayda verən çoxsaylı layihələr həyata keçirmiş, toplumu mədəni irsin öyrənilməsi və konservasiyası sahələrinə cəlb etmişdir.
Xartiyanın altıncı maddəsində göstərilir ki, abidənin konservasiyası onun mövcud olduğu mühitin qorunmasını da nəzərdə tutur. Ənənəvi mühitin mövcud olduğu hər yer mühafizə olunmalıdır. Həcm və rəng münasibətlərinə təsir edəcək heç bir yeni tikili, söküntü və ya dəyişikliyə yol verilməməlidir. Araşdırma səfərlərimizdə gördük ki, Ankara Böyükşəhər Bələdiyyəsi Ankara qalası ətrafındakı gecəqondu binaları sökmür, əksinə onları təmir edir, sağlamlaşdırır, möhkəmləndirir, maddi mədəni irsi qorumaqla yanaşı, həmin çevrənin sakinlərini də prosesə cəlb edərək mühiti qoruyub saxlayır. Təəssüf ki, biz Bakı şəhərində əvvəlcə İçərişəhər mühitini, hazırda Bayırşəhər mühitini məhv edirik. Lakin hələ də gec deyil, xilas edilə bilən çox sayda maddi və mənəvi mədəni irs elementləri qalır. Mühitin qorunması üçün mütəxəssislər Sovet dövründən qalma ölçü alətlərindən əl çəkməli, mütərəqqi ölkələrin ölçü nümunələrini əsas almalıdırlar. Məsələn, İKOMOS-un mərkəzinin yerləşdiyi Fransada abidələrin mühafizə zonası müəyyən edilənə qədərki mühit qoruma radiusu 500 metrdir. İkinci Dünya müharibəsində tamamilə dağılmış Almaniyada bir milyondan çox bina tarixi abidə statusundadır, onların mühafizə zonasındakı binaları da nəzərə alsaq, heyrətə gəlməmək mümkün deyil. Halbuki ölkəmizdə bütün abidələrin cəmi sayı 7000-dən çox deyil. Onların məhdud qəbul edilmiş mühafizə zonasını nəzərə alsaq tarixi abidələrimizə qarşı nə qədər laqeyd olduğumuz açıq şəkildə görünər.
Xartiyanın yeddinci maddəsində vurğulanır ki, abidə şahid olduğu tarixin və aid olduğu mühitin ayrılmaz hissəsidir. Abidənin bütünlüklə və ya bir hissəsinin başqa yerə köçürülməsinə, bilavasitə abidənin mühafizəsinin tələb etdiyi və ya müstəsna əhəmiyyət kəsb edən milli və ya beynəlxalq maraqların olduğu hallar istisna olmaqla, icazə verilməməlidir. Səkkizinci maddədə qeyd edilir ki, abidənin tərkib hissəsi olan heykəltəraşlıq, rəssamlıq və ya dekor elementlərin çıxarılmasına yalnız o hallarda icazə verilir ki, bu, onların mühafizəsinin təmin olunmasının yeganə yolu olsun. Mühitin qorunmasında dövlətlə yanaşı, icma da maraqlı olmalı, qeyri-hökumət təşkilatları, müstəqil qurum olan bələdiyyə öz qərarları dövlətin qoruma siyasətinə dəstək verməlidirlər. Belə dəstək həm təşkilati, həm könüllü, həm də maddi dəstək ola bilər.
Xartiyanın doqquzuncu maddəsinə görə bərpa yüksək ixtisaslaşma tələb edən proses olub, məqsədi abidənin estetik görünüşünü və tarixi dəyərini aşkar etmək və qorumaqdır. Bərpa abidənin orijinal materialından istifadə etməklə və həqiqi sənədlərə əsaslanaraq həyata keçirilir. Fərziyyələrin başladığı andan etibarən bərpa prosesi dayanmalıdır. Bu halda zəruri olan hər bir müdaxilə abidənin memarlıq kompozisiyasından fərqləndirilməli və müasir toxunuşlar ilə tamamlanmalıdır. İstənilən bərpa prosesindən əvvəl və sonra abidənin arxeoloji və tarixi tədqiqatı aparılmalıdır. Basqal qəsəbəsinin bərpa layihəsi nümunəsində Hamam və Şeyx Məhəmməd məscidində aparılan arxeoloji tədqiqatları xartiyaya uyğun olsa da, bərpa işlərinin həyata keçirilməsində ixtisaslaşmamış şirkətlər iştirak etdiyi üçün Hamamda su xəzinələri divarları sındırılaraq otağa çevrilmiş, hər iki oyuqdan keçid düzəldilmişdir. Şeyx Məhəmməd məscidinin qarşısındakı həyətdə arxeoloji qazıntılar davam etdirilməmiş, üstəlik həyətə ağır çəkili elektrik transformatoru yerləşdirilmişdir. Təəssüf ki, bu tip hallar əslində nümunə kimi qəbul edilir və digər layihələrə də köçürülür. Basqal qəsəbəsində araşdırmalarımız nəticəsində 48 evin tarixiliyi sübut edilsə də, indiyə qədər qeydiyyata alınmamışdır.
Venesiya xartiyasına görə bərpanın məqsədi abidə daxilində üslub vəhdəti yaratmaq deyil. Bərpa prosesində abidənin inşasına töhfə verən bütün dövrlərin üslublarının qorunub saxlanılması əsas götürülür. Abidə üzərində müxtəlif dövrlərdə üst-üstə əlavə olunmuş örtük qatı varsa, alt qatlardakı təbəqələrin üzə çıxarılmasına ancaq müstəsna hallarda bəraət qazandırıla bilər. Bu o hallarda baş verir ki, götürülən üst qatın dəyəri azdır, lakin üzə çıxarılan alt qat böyük tarixi, arxeoloji və ya estetik dəyərə sahibdir və həmin qatın konservasiya vəziyyəti bu işə bəraət qazandıra biləcək qədər yaxşıdır. Abidənin müxtəlif elementlərinin əhəmiyyətinin qiymətləndirilməsi və hansınınsa məhv edilməsinə dair qərar yalnız bərpaya cavabdeh olan şəxs tərəfindən verilə bilməz. Çatışmayan hissələri əvəz etmək üçün istifadə olunan elementlər abidənin bütöv halı ilə ahəng yaratmalıdır, lakin eyni zamanda bu hissələr orijinaldan fərqlənməlidir ki, bərpa abidənin bədii və ya tarixi əlamətlərini saxtalaşdırmasın. Əlavələrə ancaq o hallarda icazə verilir ki, onlar abidənin diqqətəlayiq hissələri, ənənəvi quruluşu, kompozisiya tarazlığı və ətraf mühit ilə əlaqəsinin pozulmasına səbəb olmur.
Abidələrinin bütövlüyünün qorunması, təmizləmə işlərinin görülməsi və layiqli şəkildə təqdim edilməsi üçün abidələrin yerləşdiyi ərazilərə xüsusi qayğı göstərilməlidir. Təəssüf ki, araşdırma apardığımız Basqal qəsəbəsi istisna olmaqla Qədim Şamaxı şəhəri və Nərgizava nekropolu belə qayğıdan kənarda qalmışdır. Sovet dövründən sonra hər iki arxeoloji abidənin yerləşdiyi ərazi qanunsuz olaraq yaşayış massivinə çevrilmişdir. Dünya əhəmiyyətli arxeoloji abidə olan Qədim Şamaxı şəhəri yerində hazırda 1630 ev və təsərrüfat yerləşir. Bu prosesin davam etməsi abidənin qorunmasını çətinləşdirir. Opponentlər bəzən problemin həlli kimi abidənin statusunun ləğv edilməsini təklif edirlər. Bu isə birmənalı olaraq yolverilməzdir. Respublika əhəmiyyətli arxeoloji abidə olan Nərgizava nekropolu da eyni aqibətlə qarşılaşmışdır. Nekropolun şimal hissəsi kənd evlərinin altında, cənub hissəsi isə pay torpaqlarının altında qalmışdır. Torpaq mülkiyyətinin aidiyyətindən asılı olmayaraq icmanın tələblərini yerinə yetirən qurum kimi bələdiyyələr abidələrə qayğı ilə yanaşmaqda daha məsuliyyətli davrana bilərlər. Xüsusilə, bələdiyyələrlə işləyən məhəllə komitələri maarifləndirmə işlərinə cəlb olunaraq yerli sakinlərlərin abidələrə qayğı ilə bağlı məlumatlandırılmasında iştirak edə bilərlər.
Arxeoloji qazıntı işləri elmi standartlara və 1956-cı ildə YUNESKO tərəfindən müəyyən edilmiş arxeoloji qazıntılar zamanı tətbiq edilən beynəlxalq prinsiplər əsasında tövsiyələrə uyğun aparılır. Xartiya tələb edir ki, arxeoloji qalıqlar qorunub saxlanmalı, aşkar edilmiş memarlıq elementləri və obyektlərin daimi konservasiya və mühafizəsi üçün zəruri tədbirlər görülməlidir. Bundan əlavə, abidənin aydın şəkildə dərk edilməsi və həqiqi mənasının təhrif olunmadan üzə çıxarılması üçün bütün vasitələrdən istifadə edilməlidir. Türkiyə Cümhuriyyətinin İstanbul Böyükşəhər bələdiyyəsi nümunəsində bələdiyyələrin arxeoloji qazıntılara dəstək verdiyini, konservasiya və tanıtımını maliyyələşdirdiyini müşahidə etdik. Azərbaycan bələdiyyələri də bu cür arxeoloji tədqiqatlara dəstək verə, onların qorunması və tanıdılması üçün zəruri işlər görə bilər.
Venesiya xartiyasına görə bütün mühafizə, bərpa və ya arxeoloji qazıntı işlərinin vizual təsvir və fotoşəkillər ilə tamamlanan analitik və tənqidi hesabatlar şəklində dəqiq sənədləşməsi aparılmalıdır. Təmizləmə, möhkəmləndirmə, yenidənqurma və inteqrasiya işlərinin hər bir mərhələsi, habelə işlərin gedişatında müəyyən edilmiş texniki və formal xüsusiyyətlər bu sənədlərə daxil edilməlidir. Bu protokollar aidiyyati dövlət qurumunun arxivinə yerləşdirilməli və tədqiqatçıların istifadəsi üçün əlçatan olmalıdır. Hesabatların dərc edilməsi tövsiyə olunur.

 

share.in.social