Ümumdünya irs siyahısı

Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında konvensiyada mədəni irs dedikdə abidələr (memarlıq, monumental həykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları), ansambllar (memarlığı, peyzajla vəhdəti və ya əlaqəsi tarix, incəsənət, yaxud elmi baxımdan görkəmli universal dəyərə malik əlahiddə və ya birləşdirilmiş tikili qrupları) və görkəmli yerlər (insan əlinin əməli, yaxud insan və təbiətin birgə əsəri, eləcə də, diqqətəlayiq arxeoloji yerlər daxil olmaqla, tarix, estetika, etnologiya və ya antropologiya baxımından görkəmli universal dəyərə malik zonalar) başa düşülür.
Azərbaycan Respublikası bu konvensiyaya qoşulduğu üçün ərazisində yerləşən, mədəni və təbii irsin aşkara çıxarılmasını, mühafizə edilməsini, qorunub saxlanmasını, populyarlaşdırılmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək öhdəliyi götürmüşdür. Dövlətimiz bu məqsədlə həm mövcud ehtiyatlardan maksimum istifadə edir, həm də, istifadə edə bildiyi beynəlxalq yardım və əməkdaşlıq – o cümlədən, maliyyə, bədii, elmi və texniki baxımdan – vasitəsilə hərəkət edir.
Konvensiyanın tərəf-dövləti kimi Azərbaycan Respublikası mütəmadi olaraq öz ərazisindəki mədəni və təbii irs dəyərlərinin siyahısını Ümumdünya irsi komitəsinə təqdim edir. Hazırda Ümumdünya irsi siyahısında Azərbaycanın beş abidəsi vardır. 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə Bakı qalası şəhəri, 2007-ci ildə Qobustan qaya incəsənəti mədəni landşaftı, 2019-cu ildə Hirkan meşələri, 2019-cu ildə Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, 2023-cü ildə Xınalıq xalqının mədəni landşaftı və “Köç yolu” tərəkəmə marşrutu Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Araşdırmaya cəlb etdiyimiz dünya əhəmiyyətli arxeoloji abidə olan Qədim Şamaxı şəhəri özünün mühiti ilə qoruq elan edilməli və Ümumdünya irsi siyahısına daxil edilməsi üçün ardıcıl iş görülməlidir.

share.in.social