Şamaxı şəhəri qədim mədəniyyət mərkəzidir. Hələ ilk tunc dövründə müasir şəhərin Xınıslı hissəsində yaşayışın başladığı oradan aşkar olunmuş qəbir abidələrindən məlumdur. Antik və ilk orta əsrlərdə Şamaxı şəhər kimi formalaşmış, Azərbaycanın əsas ticarət mərkəzlərindən birinə çevrilmişdir. Buradan aşkar olunan saray sütun altlıqları, zəngin qızıl, gümüş, şüşə maddi-mədəniyyət nümunələri həyatın rəngarəngliyindən xəbər verir. Müxtəlif qəbir tipləri – daş qutu, quyu, torpaq, küp qəbirlər Şamaxı şəhərində müxtəlif dini təbəqələrin və mədəni kimliklərin varlığını göstərir.